02.08.2012

Ah, anam, ah...

Şəbnəm Karslı


Ah, anam, ah...
neylədin sən?
Ya da sualı tərsindən verim,
neyləmədin sən? Niyə eləmədin?
Niyə sevmədin məni?
Niyə bir köynək uzaq oldum hər zaman?


Gəlişimmi acı oldu, ağrılı oldu?
Çox mu incitdim səni körpəykən?
Özünə oxşada bilmədin məni,
oxşayammadım da ömrüm boyu.
Mən sənə bənzəyən digər qızların kimi olmadım,
günahkarı sən idin, ah anam, ah...
özündən qovanda, hər zaman bir az daha az sevəndə
ağlatmısan məni,

ən az diqqəti, ən az fərəhi və ən az tərifi
mən eşitdim səndən bu evdə.
Ən çox diqqəti, ən çox qayğını və
ən çox hədiyyəni mən aldım sənə,
satın almaq hərisim idi bu səni,
rüşvətlə sevgini almağa çaışırdım,
ah anam, ah... alınmadı... alammadım.


Mən üsyankar, qəddar və sevgisiz oldum sonunda,
yüz sevgilimə və ya heç sevmədiyim
yanımdakı kişilərə dediyim sevgi sözlərinin
birini demədim sənə,
onlara sarıldığım qədər sarılmadım boynuna,
istəklə öpmədim səni.
Əslində hər zaman öpmək, sarılmaq gəlir içimdən,
səni çox sevirəm, çox sevmişəm,
ama sən bunu məndən heç vaxt eşitməyəcəksən,
ah anam, ah...
sənin sevgindən ən az pay düşən
övladın olmanın qisasını belə alıram,
sənə verəcək və ya
sevgini çoxaldacaq heç nəyim qalmadı ki!


Bilirsən, anam, sən bu şeri
heç vaxt oxumayacaqsan,
səni sevdiyimi etiraf etdiyim cümlələrdən
xəbərin olmayacaq,
bilməyəcəksən ki, qızın həyatında bir dəfə
şerə “Ah” deyə başlayıb,
onu da sənə həsr edib...
Ah anam, ah...

Комментариев нет:

Отправить комментарий