06.12.2010

II Milli Kitab mükafatına start verildi

                       Müsabiqənin qalibləri pul mükafatı alacaq
 
II Milli Kitab mükafatına start verildi. Atatürk mərkəzində ölkəmizdə 2-ci dəfədir təsis edilən müsabiqənin seçimlərinə başlanılıb. Bu layihənin əsas məraminin dəyişilmədiyini deyən Milli Kitab mükafatının təsisçisi Nigar Köçərli müsabiqə vasitəsilə ictimaiyyətin diqqətini Azərbaycan ədəbiyyatına cəlb etmək, yeni ədəbi əsərlər yarada biləcək müəllifləri aşkarlamaq və onların yaradıcılığını stimullaşdır olduğunu deyir:
"Sabahdan başlayaraq Azərbaycanın bölgələrinə yola düşürük. Orada müxtəlif təhsil ocaqlarında, müəssisələrində insanlarla görüşəcəyik. Biz istəyirik ki, qələminə güvənən bütün insanları bura cəlb edək. Eyni zamanda Bakıda müxtəlif universitetlərdə görüşlər keçirmişik. İstərdik ki, gənclərmiz də bu müsabiqəyə həvəslə qoşulsunlar."
Builki müsabiqəyə bir neçə yenilik də əlavə edilib. Nigar Köçərlinin sözlərinə görə, Amerikanın Azərbaycandakı səfirliyi də layihəyə dəstək verir. Əsas yenilik müsabiqə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq ingilis dilindən ən yaxşı ədəbi tərcüməyə görə mükafatın təsis edilməsidir. Bununla yanaşı, ilk müsabiqədən fərqli olaraq, bu dəfə münsiflər heyətinin sırası genişlənib. Belə ki, xalq yazıçısı Çingiz Abdullayevin rəhbərlik etdiyi münsiflər heyətinə 17 nəfər Azərbaycanın tanınmış yazıçı və şairləri, elm və ictimaiyyət xadimləri daxildir.
Milli Kitab mükafatının qaydalarında isə ciddi dəyişikliklər baş verməyib. Əsərlər yanvarın 10-dək Milli Kitab mükafatının elektron və ya poçt vasitəsi ilə ünvanına çatdırılmalıdır. Martın 20-də ekspertlər tərəfindən müəyyənləşdirilmiş 20 ən yaxşı əsərdən ibarət "Longlist", yəni uzun siyahı, martın 27-də isə 10 əsərdən ibarət "Shortlist", qısa siyahı müəyyənləşəcək və qiymətləndirilmə üçün münsiflər heyətinə təqdim olunacaq.
May ayının 31-də isə mükafatın qalibləri elan ediləcək. Ötən il olduğu kimi, bu il də 1-ci yerin 3000, 2-ci yerin 2000, 3-cü yerin qalibi isə 1000 manat pul mükafatı ilə təltif olunacaq.

Комментариев нет:

Отправить комментарий