AZƏRBAYCAN VƏTƏNDAŞINA TÜRKİYƏ SEVDALISI OLMAQ NECƏ BAHA BAŞA GƏLİR
Azərbaycanda Türkiyə istehsalı olan paltarların, eləcə də digər tikiş materiallarının sevildiyi hamıya məlumdur. Bu gün alıcıların əksəriyyəti hansısa bir əşyanı və ya geyimi alanda satıcıdan ilk növbədə Türkiyə istehsalı olub-olmadığını soruşurlar. Vətəndaşların istəyini bilən satıcılar da bundan məharətlə istifadə etməkdən çəkinmirlər. Çin, Pakistan, eləcə də Bakı istehsalı olan yüngül sənaye mallarını Türkiyə məhsul adı ilə, özü də baha qiymətə alıcılara sırıyırlar.
Bakının Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində dünyanın hər yerindən gətirilən yüngül sənaye mallarına rast gəlinir. Azərbaycan alıcısı isə daha çox Türkiyə istehsalının keyfiyyətinə inanır.
Alıcı özü də bilmədən Bakı istehsalı olan keyfiyyətli maldansa, keyfiyyətsiz Çin malına üstünlük verir.
Bakıda fəaliyyət göstərən tikiş fabriklərində müxtəlif çeşiddə və dizaynda geyimlər, cehiz dəstləri hazırlanır. Parçalar ən çox Türkiyədən idxal olunur. Alıcılar isə “Bakı istehsalı” adını eşidən kimi üz döndərirlər. Buna görə də geyimlərin üzərinə Türkiyə etiketi vurulur. Alıcı bəyənmədiyi malı bu etiketə görə baha qiymətə həvəslə alır.
Sədərək Ticarət Mərkəzində paltar satan E.Qasımov deyir ki, alıcılar yerli malların keyfiyyətsiz olduğuna inanırlar: “Elə bil bizdə belə bir stereotip formalaşıb ki, yerli mal yaxşı ola bilməz. Biz də bəzən yerli malların satılmadığını görüb onu “Türkiyə istehsalı” adıyla satmağa məcbur oluruq. Bunu başa düşən bilir. Təcrübəsiz alıcı isə aldanır”.
Azərbaycan bazarlarında Çin malları daha çoxdur. Hər bir yeniliyin “kopiyasını” çıxaran Çin yüngül sənaye mallarının düşmənidir. Çin sahibkarları Türkiyənin tanınmış paltar firmalarının etiketindən istifadə etməklə dünya bazarında yaxşıca pul qazanırlar. Alıcı bir balaca diqqətsiz oldusa, “Çin tələsinə” düşmüş olur.
Türkiyədən Bakıya gələn köçəri türklər də yerli alıcıların damarını yaxşı tutub.
Yerli alıcıların Türkiyə mallarına daha çox üstünlük verdiyini Bakıya gəlmiş köçəri türklər yaxşı bilirlər. Onlar Sədərək Ticarət Mərkəzindən Bakı və Çin istehsalı olan müxtəlif cehiz, yataq dəstlərini topdan satış qiymətə alır, şəhərin müxtəlif məhəllələrində “Türkiyə istehsalı” adı ilə baha qiymətə satırlar.
Azərbaycanda yataq və dəsmal dəstlərini satan Türkiyə firmaları fəaliyyət göstərir. Əhali onlardan “firma malları” nı baha qiymətə almağa öyrəşib.
Sədərək Ticarət Mərkəzinə isə belə tipli mallar tonlarla gətirilir və firmadan qat-qat aşağı qiymətə satılır. Buna vərdiş etmiş əhali asanlıqla Türkiyəli fırıldaqçıların tələsinə düşür.
Turanə adlı alıcı da belə hiylənin qurbanı olanlardandır. O, qeyd edir ki, 300-400 manata aldığı dəstin sonralar yerli bazarda 200 manata olduğunu öyrənib. “Onlar cehizlik yataq dəstlərini komplekt şəkildə satırlar. 13-14 parçadan ibarət olan komplektə yataq, hamam, süfrə dəstləri daxildir. Kampaniya var deyib, tək-tək satmırlar. Həmişə də özlərinə məxsus bəhanələri olur. “Türkiyədən mal gətirmişdik, hamısını satmışıq. Qalan bunlardır. Bu gün getməliyik. Vizamızın vaxtı bitir. Ona görə də ucuz veririk” deyirlər”.
Sədərək Ticarət Mərkəzində yataq, süfrə dəstlərinin topdan və pərakəndə satışı ilə məşğul olan Faiq deyir ki, onların da belə “kampaniyalardan” xəbəri var. “Onlar malları gəlib bizdən götürürlər. Çoxu da Bakı və Çin istehsalıdır. Çin ölkəsi Türkiyə firmalarının etiketindən istifadə edir. Bizdən mal alan türklər də ən ucuz olanını seçirlər. Gözəgəlimli dəstlər tanınmış Türkiyə firmalarının istehsalı olur. Dəyəri 150-200 manata olan komplekti 300-400 manata satırlar. Yəni bizdən alıb, bizimkilərə satırlar”.
Samir adlı satıcının siyahısında onlarla türk vətəndaşının adını gördük. Samir deyir ki, onların çoxu köçəri kürdlərdir. “Fəsillə əlaqəli olaraq Bakıya gəlib ticarətlə məşğul olurlar. Özü də tez-tez yerlərini dəyişirlər. Bir məhəlləyə ikinci dəfə getmirlər”.
Vüsalə Əlövsətqızı
Комментариев нет:
Отправить комментарий