04.12.2010

Türklənd

Dilqəm Əhməd
dilqemehmed.wordpress.com

 “Avropa İttifaqı Türkiyəni qəbul edərsə, Yaxın və Orta Şərq qurumuna çevrilər”. Bu fikir, tanınmış tədqiqatçı, Paris siyasi elmlər institutunun professoru, Azərbaycanda “Geopolitikaya giriş” kitabı ilə tanınan Filipp Moro Defarja aiddir. Avropa İttifaqının Türkiyəni qəbul etməməsinin yetərincə səbəblərini sadalamaqla yanaşı, qəbul etməyə məcbur olacağı barədə də yetərincə səbəblər sadalamaq mümkündür. Bu səbəblərdən ən başlıcası Türkiyənin geopolitik durumudur ki, bunun mahiyyətinə keçmədən öncə geopolitikada coğrafi məkan anlayışlarına diqqət etmək lazımdır.
Elmi ədəbiyyatda geopolitika krallara xidmət edən elm kimi xatırlanır. Geopolitika neologizminin banisi siyasi elmlər və tarix üzrə professor Rudolf Çellendir. Çellen geopolitikanı məkanda təcəssüm olunmuş coğrafi orqanizm olan dövləti öyrənən elm kimi qeyd edir. Tanınmış coğrafiyaşünas İv Lakost isə geopolitikanı ərazilər və insanlar uğrunda hakimiyyət mübarizələrini öyrənən elm kimi xarakterizə edir. Alman geopolitikasının banilərindən olan Fridrix Ratsel isə geopolitikanı alman ekspansionizminin alətinə çevirərək, sərhədlərin dəyişilməsini, güclü dövlətlərin təbii qanunauyğunluğa əsaslanaraq kiçik dövlətlərin hesabına ərazilərini genişləndirməsinə haqq qazandırır. Adolf Hitlerin ilhamvericisi kimi qeyd olunan Karl Haushofer isə dünyanın 3-4 nüfuz dairəsinə bölünməsinin təbii olduğunu bildirərək, Avropa, Afrika və Orta Şərqə Almaniyanın liderlik etməsinin gərəkliliyini bildirir. Göründüyü kimi, məhz bu cür geopolitik nəzəriyyəçilərin təklifləri əsasında XX əsrin birinci yarısında dünyanın geopolitik düzəni dəyişilmiş, müharibələrin başlanmasına rəvac vermişdir. Ona görə də bir müddət geopolitika elmi qadağan edilərək acı təəssüf kimi tarixə keçmişdir. Klassik geopolitikanın tarixinə keçən iki əsas anlayış isə “hartlənd” və “rimlənd” anlayışlarıdır.
Helfrod Makkinderin “hartləndi” (dünyanın ürəyi, buraya sahib olan dövlətin dünyaya ağalıq edəcəyini bildirən Makkinder SSRİ-nin böyük bir hissəsini hartləndə daxil edirdi), Nikolas Con Spaykmənin “rimlənd”i (dəniz və quru güclər arasında geopolitik oyunların oynandığı hərəkətli məkan) klassik geopolitika elminin tarixində mühüm yer tutur. Qeyd edək ki, Makkinder hartləndə sahib olan gücün dünyaya sahib olacağı fikrini irəli sürür və baş verən proseslərə uyğun olaraq hartləndin sərhədlərini zamanla dəyişdirir.
Bu gün ABŞ-ın öz fövqəlgücünü tədricən Çinlə bölüşməyə məcbur olduğu bir dönəmdə, dünyada qurum olaraq yalnız dövlətlərin deyil regional qruplaşmaların söz sahibi olduğu bir mərhələdə coğrafi məkana sahibliyin önəmli faktor olduğu bir daha aydın olur. Məhz buna görə də artıq getdikcə iki qütbə bölünən fövqəlgüclərin- ABŞ və Çinin dünyaya sahib olması üçün yeni hartlənd anlayışına ehtiyacı vardır. Təəssüflər olsun ki, hazırda Asiyada dünyanın ürəyi funksiyasının daşıyıcısının Türkiyənin timsalında türklənd olduğunu söyləmək mümkündür. Artıq ABŞ və Qərbin yaxın və orta şərqi öz əlində saxlamaq üçün bilavasitə deyil, onun nəzarətində olan türklənd vasitəsilə idarə etməyə çalışdığı bir gerçəklikdir. Türkləndə sahib olan güc yaxın və orta şərqin lideri olacaqdır. Görünən odur ki, hazırda türkləndə sahiblik ABŞ-dadır və AKP hökuməti bu funksiyasını bilərəkdən qəbul etməkdədir. Məhz türkləndə sahib olmaq üçün Avropa Birliyi Türkiyəni tezliklə öz sıralarına qatacaqdır. Çinin, Rusiyanın və İranın gücünə qarşı ABŞ-ın və Qərbin Türkiyənin geopolitik mövqeyinə böyük ehtiyacı vardır. Bu proses isə artıq başlayıb…

Комментариев нет:

Отправить комментарий