13.04.2011


Araz Gündüz-"Cağaların ağlamadan doğulacağı çağlar..."
Araz Gündüz, esse

Sufilərdən qalma belə bir pritça var: İki bacıdan birinə vurulan gənc, o biri bacının yanındaca, öz sevdiyinə vurğunluğundan dil-dil ötürmüş. Birdən sevdiyi qız: Sən, nə belə məni öyüb, ala buludun yanına qaldırırsan, məndən gözəlini görmək istəyirsən, dön mənim bacıma bax!—deyir. Vurğun gənc bir anlıq dönüb, onun bacısına baxır, sonra baxışlarını yığışdırır. Sevdiyi qız: Gedə bilərsən, sən sınaqdan çıxa bilmədin–deyib, gənci qovur...

Asif Atanın Sözüdür: Tanrını göydə axtarırsınız, göyü—niyə özünüzdə axtarmırsınız?

Sizcə, nədən Tanrı adı çəkiləndə, Ona inanan da, inanmayan da özündən asılı olmayaraq, göyü göstərir, göyə baxır? Deyəsən, bizim bu öyrəncəmizin yaşı beş-on min illə ölçülmür axı! Yəni doğrudanmı, elmin danılmaz tutarqalarla açıqladığı kimi, ən azı iki milyon il öncədən başlayaraq, ilk insankimi varlığın arxa ayaqları üstündə dikələrək, başını bir-iki qulac uca tutması, ona anlaqlı olmaq, sivilizasiyalar qurmaq başıucalığı gətirəcəkdi? Arxa ayaqlarına söykənib, boy-buxununu dikəldən varlıq, öncə yan-yörəsini dördayaqlılardan yaxşı görməyə başlayacaq, sonra qat-qat artıq uzaqları görmək istəyəcək, oracan uzaqgörən olacaqdı da, lap göydə Tanrının olduğunu belə gözdən qaçırmayacaqdı… 

Çağdaş uzaqgöstərən qurğuları bir qırağa qoyub, təkcə öz gözlərimizə arxalansaq, üz tutduğumuz bütün yönlərdə baxışlarımızın dirənib dayandığı bir sonluq var, ən azından yerlə-göyün “bitişdiyi” sınırlar var; deyəsən axı, təkcə göyə yönələn baxışlarımızın yolu açıqdır... Bir də Tanrı—gözlərimizin “yol çəkdiyi”, göylərə ucalıb-uzanıb gedən, sonu görünməyən yolun qurtaracağından başqa, ayrı harada ola bilər axı?!..

Bu yandan da elm baltanı kökündən vurub, deyir: göylər sonsuzdur, ora tuşlanan yolların sonu yoxdur!.. 

Göylər sonsuzdursa, onda baxışlarımızın arayıb-axtardığı Tanrı, bu sonsuzluğun harasındadır?..

Tanrının bu sonsuzluğun harasında isə olduğunu düşünmək, inancsızlıq deyilmi? Axı, Tanrının “durduğu” yerdən o yanda nəsə varsa(lap elə deyək, sonsuzluğun ardı!), bu Tanrının Ululuğuna əskiklik gətirməzmi? Tanrını keçən, ötən, bir nəsnə ola bilməz, yoxsa O, Tanrı olmazdı...

Yoxsa elə buna görə, ulu dədələrimiz—türklər, Tanrı sözü ilə “Göy” sözünü birləşdirmişdilər, yəni onların anlağına görə, Tanrı demək elə Göy demək idi; Elə Günəş də Tanrının yanından gəlirdi—onun doğduğu yerə Tan(Dan) yeri deyirdilər... Dənizin “göylüyü” də Tanrıya bağlı idi, o, Tanrının(Göyün) “qızı”—Tenqiz idi.(Əski türkcədə Tanrıya: “Tenqri”, “Denqri”, Dənizə: Tenqiz deyilmişdir.)

Bibliyadan Adəmlə Həvva olayını oxuyanda belə bir anlaşılmazlıqla üzləşirik: Görünür, Uçmaqda(Cənnətdə) yaşadıqları, çox uzun çəkən çağlarda, Tanrı onlara başıbirlik bacarığı (cinsi istək) verməyibmiş!.. Axı onların Uçmaqda nə bir oğlu, nə bir qızı doğulmamışdı. Uçmaq—belə bir çox “dadlı” istəyin gerçəkləşəcəyi yer deyilsə, onda ağız sulandıran bu qabıqlı* qızların—“hurilərin” söz-sovu nədən dilə-dişə düşüb? Onda istər-istəməz, belə bir yanıtsız(cavabsız) sorğu da ortaya çıxır: İnsan Tanrı qarşısında “ən böyük suçunu” işləməyənəcən, nədən ona, başıbirlik bacarığı verilməmişdi?..

Baxaq görək, indi bir çox “qınınıbəyənməzlərin” ağız büzdüyü Ulu Füzuli bu sorğumuzu necə yanıtlayır? Füzulinin deməsinə görə, onun sevgilisi, ancaq gözəllikdən, yaraşıqdan qurulmuş bir “paralel” dünya yaratmış, bu dünyada baş verənlərin hamısı onun istəmi(iradəsi) ilə baş verir:
Ol pərivəş kim, məlahət mülkünün sultanıdır
Hökm onun hökmüdürür, fərman onun fərmanıdır.

Ən önəmlisi isə, bu “paralel” dünyada başıbirlik bacarığına yer də qalmamışdır:
Gərçi canandan dili-şeyda üçün kam istərəm,
Sorsa canan bilməzəm kami-dili-şeyda nədir.

Elə Ulu Nizaminin “Leyli ilə Məcnunu” oxusanız, O kişinin də başıbirlik bacarığından “arıtlanmış” sevgini öydüyünü, ondan üstününü “tapa bilmədiyini” görəcəksiniz.

Düzdür, cinsi istəklər olmadan yaşamın sürəkliyi olmazdı. Cinsi istəklər olub, var, olacaq da. Ancaq burda, yeri gələndə ən “dadlı” istəklərdən belə çəkinməyi bacarmaq, bayağı əyləncələrin düşkünü olmamaq, başlıcası, “ərməğan” olaraq verilən “ən dadlı istəklərə” belə uymadan, insana yaraşmayan toplumun düzənlərinə boyun əyməmək çağırışlarına nə deyirsiniz?!

Toplumda söz özgürlüyünə yasaq qoyulmasının yaşı neçə olar görəsən? Mənim öz oxuduqlarımdan bildiyimə görə, yanılmıramsa, 2430 il öncə Afinada belə bir yasaq qoyulmuşdu. Bilirsinizmi niyə? Demokrit özünün materialist(atomist) görüşlərini yaydığından, onun dedikləri Tanrıların varlığına inamsızlıq aşıladığından, belə bir yasaq qoyulmuşdu... 

Günlərin bir günü, Sokrat başına yığışan dinləyicilərinə belə bir söz demişdi: “Naxırda inəklər sınıxırsa, onların sayı azalırsa, naxırçıya bacaraqsız deyirlər, o da bunu boynuna alır; Bizim Attikada(Afinanın yörəsi ilə birlikdə adı) xalqın dolanışığı pisləşir, adamların sayı azalır, ancaq dövlət başında duranlar özlərinin bacarığından, başqalarından üstün olmaqlarından danışmaqdan yorulmur, dil-boğaza qoymurlar.” Bunu eşidən Afinanın tiranları Sokratı çağırıb, ona otuz yaşına çatmamış bütün kimsələrlə, yəni gənclərlə, danışmağı büsbütün yasaqlamışdılar. Sokrat bunun niyəsini soruşanda demişdilər: “danışıqlarınla onları yoldan sapdırıb, dövlətə qarşı qaldırırsan, deməli ölümə sürükləyirsən, sonra da deyirsən, inəklərin sayı azalır.” ...Bundan da önəmlisi, Sokratın Demokriti sevməməsi, onun öyrətməsini gərəksiz, kökündən yanlış sayması idi, axı Sokrat özü qatı inanclı bir kimsə idi... Sokrata ölüm kəsən andlı məhkəmədə isə, onu: Afinanın tanıdığı Tanrılara sayğısızlıq göstərib, onların yerinə başqa Tanrıları qoymaq istəməkdə, bir də gəncləri düz yoldan sapdırmaqda suçlamışdılar. (Ən gülüncü isə, məhkəmnin gedişində, Sokratı Demokritin yandaşı olmaqda belə suşlamışdılar!) Bu, nə az, nə çox, düz 2410 il bundan öncə olmuşdu...

Tanrıya çox inanclı olan(Vatikanda yüksək görəv daşıyan!), görkəmli paleontoloq Pyer Teyyar de Şardenin araşdırmasına görə, yeni yaranan bioloji varlıq özünün yetkinliyinə 20-30 milyon ildən sonra çata bilir, indiyəcən yaşayan varlıqların gəlişmələrinin öyrənilməsi bu deyilənə inanmamağa yer qoymur. İnsankimilərin yaranması iki milyon il öncə, Homo Sapiensin(yəni, çağdaş insanın) yaranması isə 30-40 min il öncə baş veribsə, de Şarden soruşur: insan öz yetkinləşməsinin lap başlanğıcında, cağalıq dönəmində deyilmi? Bir də soruşur: insanın qat-qat artıq yetkinləşəcəyi çağlarda onun necə olacağını, necə görünəcəyini indidən kim deyə bilər? 

Hayana yozsan, haraya aparıb çıxarsan da, görünən budur: İnsan dünyaya ağlaya-ağlaya gəlir...

Ulu Füzuli, Məcnunu örnək göstərərək, doğulan cocuğun ağlamasını, onun öncəgörməsi ilə: yəni, yaşamda uğraşacağı yamanlıqları, ağrı-acıları, indidən anıb, yanıb-yaxılması ilə bağlayırdı...

Asif Atanın yozumu isə ayrıdır: Anasının boyunda olanda öyrəşdiyi doğmalıqdan, alışdığı qayğıdan ayrılması, insana çox ağır gəlir; doğulduğu dünyanın yadlığı, özgəliyi onu sıxır, ağrıdır, buna görə də O, ağlayır...

Görəsən haçağsa, yer üzünə, gülə-gülə doğulan cağalar gələcəkmi?!..


2-4 aprel 2011-ci il.

*qabıqlı—əski türkcədə bakirə anlamındadır.

Комментариев нет:

Отправить комментарий