11.04.2011

Sevgi nəğmələri

Ədalət Eşqin

                                                     YAR DEMİŞƏM

Ömrüm çox keçib hədərə,
Ürəyim batıb kədərə.
Mən vəfasız bir dilbərə,
Yaz deyib, bahar demişəm,
Niyə çaşıb yar demişəm?

Çox dözmüşəm dərd-sərinə,
Keçib artıq bir qərinə.
Onun soyuq gözlərinə,
Hey ələnən qar demişəm,
Niyə çaşıb yar demişəm?

Duymamışam nəfəsini,
Eşitmədim xoş səsini.
Bir görməmiş bəhrəsini,
Çox tələsib bar demişəm,
Niyə çaşıb yar demişəm?

Vüsalına həsrət hər an,
Belə keçdi ömür, zaman.
Yox olsa da yollarımdan,
Mən nədənsə var demişəm,
Niyə çaşıb yar demişəm?
Fələk gülmədi üzümə,
Tək səbri verib dözümə,
Onsuz keçən bu ömrümə,
Kədər, intizar demişəm,
Niyə çaşıb yar demişəm?

Çox sınama, gülüm, məni,
Ürək sevir təkcə səni,
Acı, şirin xatirəni,
Anıb ahu-zar demişəm,
Niyə çaşıb yar demişəm?

                                                    GƏL SEVƏK

Dünən gəzdiyimiz yola, cığıra,
Bu gün yağış yağıb, qar çilənibdir.
Yox oldu o izlər, düşdülər dara,
Qarışıb itdilər cığırda bir-bir.

İzlərlə birlikdə ötən o səhər,
Ömrün bir hissəsi səpildi, soldu.
Ömürdən o anlar, o dəqiqələr,
Yolda dara düşən iz tək yox oldu.

Bax, beləcə gedir son mənzilinə,
O bizə ayrılan vaxt da, zaman da,
Gedən o qatardan baxdıq dünyaya,
Vermədi nə möhlət, nə də aman da.

                                            SÖZÜN QƏLBİMDƏ

Özün uzaqdasan, sözün qəlbimdə,
Səndən pıçıldayır açılan səhər.
Necə yaşayırsan, ömür sürürsən,
Gətirər xəbəri əsən küləklər.

Yoxsuzluğun bitə, tükənə bir vaxt,
Mənim arzularım nə isə gözlər.
Olsa da çox ağır bu ayrılığın,
Mən dözdüm hər şeyə, dözdüm bir təhər.

Sevən ürəyinə qar yağıb sənin,
Bəlkə buz bağlayıb, donubdur qəlbin?
Bəlkə də çovğundur sonu bilinməz,
Əriyə o buzlar, şaxtalar çətin…

Ömrün bu hökmünə baş əyəcəm mən,
Alın yazısını poza bilmərəm.
Əbədi ayrılıq girsə yuxuma,
Oyanıb tərsinə yoza bilmərəm.

Özün uzaqdasan, sözün qəlbimdə,
Səndən pıçıldayır açılan səhər.
Necə yaşayırsan, ömür sürürsən,
Gətirər xəbəri əsən küləklər.

Комментариев нет:

Отправить комментарий