12.04.2011

Yol Polisi idarəsində özbaşınalıq baş alıb gedir

"Yeni xəbər"in poçtundan


                           Dövlət orqanlarına



   Bu yaxınlarda kəndimizin ərazisində, Bakı-Astara yolunun üstündə ağır yol qəzası baş verdi. Nəticədə kəndimizdən 3 nəfər öldü, bir nəfər isə ağır yaralandı. Həlak olanlar hamısı mənim yaxın qohumlarımdır. İkisi Qarabağ müharibəsi veteranıdır. Maşını idarə edən Dövlətov Şükür isə yeznəmin qardaşı idi. Onların ailəsinə ciddi maddi və mənəvi ziyan dəysə də, heç bir kompensasiya ala bilmədilər. Dövlətov Şükür maşını 4 800 manata almışdı. Nə maşına heç bir sığorta pulu, nə də ölənlərə heç bir kompensasiya ödənmədi. Ümumiyyətlə, bizim rayonda baş verən avtoqəzalar zamanı əhaliyə heç bir sığorta pulu verilmir. Çünki Cəlilabad rayon Yol Polisi əhalini yerindəcə soyub talamağa üstüınlük verir, işin sığorta idarəsinə gedib çatmasına imkan vermir. Yaxın qohumlarım və kənd camaatı adından xahiş edirəm ki, Cəlilabad rayonunda baş verən avtoqəzalar zamanı neçə adama sığorta pulu ödəndiyini aydınlaşdırasınız. Ödənməyibsə, niyə buna imkan verilməyib? Biz bu məsələni dəfələrlə müzakirə eləmişik. Necə olur ki, başqa yerdə maşın bir balaca əzilən kimi sığorta pulu ödənir, bizdə isə 3 nəfər ölür, maşın sıradan çıxır, amma sığorta ödənmir? Cəlilabad rayon Yol Polisi Şöbəsini tam yoxlamağınızı və onların əməllərinə hüquqi qiymət verməyinizi istəyirik.

   Cəlilabad rayon Yol Polisi idarəsində özbaşınalıq baş alıb gedir. Bu yaxınlarda xəstə bir adam olan Mustafayev Azad Babaş oğlunu rayon Yol Polisi işçisi Vahid Hüseynov saxlatdırıb. Bu yoldaş hətta öz təlimatını da düzgün bilmir, vətəndaşlarla Yol Polisinin necə rəftar etməli olduğundan xəbəri yoxdur. Azadı barmağı ilə yanına çağıran Vahid Hüseynov içkili olub, günorta yemək-içməyindən qayıdırmış. Ümumiyyətlə, bizim rayonda içkili yol polisinin sürücülərə ilişməsi hallarına tez-tez rast gəlinir. Özləri maşın sürə bilmirlər, protokol qaydalarına riayət etmirlər, amma əhalidən qayda-qanun tələb edirlər. Vahid Hüseynov Azada kobud formada deyib ki, adam-madam saymırsan, bizə hörmətsizlik edirsən, deyəsən qudurmusan. Polis də vətəndaşla, özü də yaşca böyük birisi ilə belə danışarmı? İlk növbədə özünü təqdim etməli idi, bunu da etməyib. Üstündə birkası da olmayıb. Yol Polisi Vahid Hüseynov Azad Mustafayevdən ona hörmət etməsini tələb edib. O, vətəndaş Azad Mustafayevdən açıq-aşkar pul istəyib, xahiş edirəm bu faktı araşdırın. Azad ona cəmi 1 manat pulunun olduğunu bildirib. Vahid Hüseynov əsəbiləşib, bildirib ki, bizə hörmət etmədin, onda banka ödəməli olacaqsan. Bizə yüngülvari hörmət etmədin, onda banka 100 manat köçürərsən. Bu hal rayon Yol Polisi tərəfindən tez-tez həyata keçirilir. Əvvəl sürücünü saxlatdırırlar, heç bir əsas olmadan pul istəyirlər, vermədikdə isə qəbz yazırlar ki, get banka cərimə ödə. Xahiş edirik ki, rayonumuzda bu cür korrupsiya hallarına son qoyasınız.
   Siz bir məsələyə baxın ki, Azad Mustafayevin sürücülük vəsiqəsini elə Cəlilabad Yol Polisi işçiləri özləri çoxdandır ki alıblar, vermirlər. İndi də hər addımbaşı saxlatdırıb pravasız olduğuna görə pul istəyirlər. Bax Cəlilabad Yol Polisi pulu belə qazanır. Azad Mustafayev pravasının qaytarılması üçün dəfələrlə onlara müraciət edib. Bir müddət get-gəldən sonra bildirdilər ki, itirmişik. Uzun müddətdən sonra, Azad Mustafayev təkid etdikdən sonra dedilər ki, prava tapılıb. Cəlilabad Yol Polisindən Azada bildiriblər ki, pravanı tapmışıq, Lənkərandadır. Kağız veriblər ki, get ora təqdim elə, pravanı götür. Azad Mustafayev bu adamların məsuliyyətsiz əməllərinə görə əziyyət çəkir. Hər dəqiqəbaşı saxlatdırıb pul tələb edirlər. Keçən dəfə bu yoldaşlara 60 manat rüşvət verib. Bu pulu alan zaman heç bir kvitansiya, qəbz verməyiblər, protokol da tərtib etməyib, sadəcə alıb ciblərinə qoyubar. İndi də Vahid Hüseynov hər addımbaşı saxlatdırıb pravasız sürdüyünə görə ondan pul tələb edir, verməyəndə də zakona atıb qanuni cərimələndirir. Halbuki yaxşı bilir ki, Azadın pravası var və Yol Polisi işçiləri özləri alıblar. Özü içkili ola-ola qoca, yaşlı, xəstə adama qara yaxır, pul almaqdan sarı min oyuna girir. Gəlin baxın, Azad Mustafayevin 55 yaşı var, övladı da olmur, xəstə adamdır, belə bir adamı soyub talamaq hansı qanuna, insafa-mürvətə sığar? Azad Mustafayev ona deyib ki, ayıb olsun, mənim ömrü boyu dilimə içki dəyməyib. Amma təəssüf ki, Vahid Hüseynovu pul hərisliyindən başqa heç nə maraqlandırmır.
   Rayonumuzun ərazisində Yol Polisinin soyğunçuluğunun həddi-hüdudu yoxdur. Məlum olduğu kimi Göytəpə qəsəbəsinin girəcəyində Dövlət Yol Polisi Postu var. Bu postun polisləri günün günorta çağı Kamaz maşınları ilə daş daşıyan sürücüləri saxlatdırıb haqq alırlar. Yola nəzarət qoyub baxa bilərsiniz, ya da çəkiliş apara bilərsiniz, onda görəcəksiniz ki, Qaradağdan Astara istiqamətində kubik daşları aparan Kamaz sürücüləri Göytəpə postunda saxlayıb polislərə rüşvət verirlər. Mən bunu şəxsən avariyaya düşmüş qohumum Dövlətov Şükürün maşınını bu postdan götürməyə gedərkən görmüşəm. Əzilmiş maşını iki dəfə postdan götürməyə getsəm də, buna nail olmamışam, çünki yol polislərinin başı Kamaz-çılardan pul almağa qarışmışdı. Yol boyu bir neçə Kamazı saxlatdırıb daraşmışdılar sürücülərin canına, açıq-aşkar pul yığırdılar, yolda maşınların hərəkətinə də əngəllər yaradırdılar. Baş leytenant İdman Abdullayevdən soruşun görək, məgər onun Prezident sərəncamından xəbəri yoxdur? Yazıq Kamazçıların nəyi var ki, onu da tutub əllərindən alırlar? Ümumiyyətlə Gürcüstanda olduğu kimi, rüşvət mənbəyi olan bu postu ləğv etmək lazımdır. Kamazçılar ağır zəhmətə qatlaşaraq, gecə-gündüz yol sürərək min bir əziyyətlə çörək pulu qazanır, həmin pulu isə Göytəpə postundakı polislər tutub əllərindən alır. Xahiş edirik ki, qayda-qanun yaradasınız, vətəndaşlarımızın vəzifə səlahiyyətlərindən sui-istifadə edənlər tərəfindən soyulmasını dayandırasınız.

Həsənov İ., Cəlilabad rayon sakini 

Комментариев нет:

Отправить комментарий