12.04.2011

BİT BASMIŞ GENERALLAR

Bahar Muradovanın televiziyaların dil qüsurunu tənqid etməsinə əl çalacaq qədər avam deyiləm



Bahar Muradovanın televiziyaların dil qüsurunu tənqid etməsinə əl çalacaq qədər avam deyiləm. Öz xalqı ilə dəyənək dili ilə danışan bir rejimin telekanallardakı dil problemini gözə soxmağa çalışması ictimai fəaliyyət deyilən zada karikaturadır. Pah, hansısa teleaparıcının bir xəbəri pafosla, lap elə qışqıra-qışqıra oxuması guya böyük dərd imiş. Bəs siz bu zavallı xalqı niyə illərdir “azadlıq”, “istefa”, “yaxşı həyat”, “haqq-ədalət” deyə qışqırdırsınız? İstədiyini verin, sakitləşsin də...

Ümumiyyətlə, mənə çöçün gələn bir məsələ var. Bu problemi vitse-spiker niyə qaldırır? Hanı sizin dövlət büdcəsindən hər il milyonları qapazlayan dil komissiyalarınız, dil qurumlarınız, alimləriniz? AMEA-nız, MTRŞ-ınız? O pulları hara tozlayırlar? Xarici səfərlərə, lüks otellərə, ziyafətlərə, viski və villalara? Hamısınımı? Bu da heç. TV-lərin dil probleminə toxunursunuz, lap yaxşı. Amma bəs onların dilinin yalnız yalan söyləməsinə niyə etiraz etmirsiniz?
Bir də ki, Bahar Muradova belə şeylərlə baş qatmaq, özünü canıyanan göstərmək əvəzinə gedib məzar yerinin Füzuli şəhidinin anasına niyə 200 manata satılması məsələsini araşdırsın, günahkarı tapsın, qulağından tutub xalqa göstərsin. Millətsevər çıxıblar mənə. Görünür, hədəf seçilən “Xəzər” TV nəsə qəzəbləndirib bunları. Hətta o da ola bilər ki, bu TV müxalifətin 2 aprel mitinqindən kadrlar göstərəndə nəsə arzuolunmaz bir epizodu verib efirə. Nə isə, Muradovanın bu dil təəssübkeşliyi doğrudan-doğruya qəşəng lətifədir.
Lətifə dedim, spiker Oqtay Əsədovun son siyasi nəzəriyyəsi bir daha yadıma düşdü. Onu da yad eləyəndə gərək Molla Nəsrəddindən bir lətifə danışasan. Molla Nəsrəddin bir gün necə olursa biri ilə mübahisə edir. Onları tutub qazının yanına aparırlar. Divanxanada məsələni araşdıran qazı tərəfləri cərimələyib yola salır. Tərslikdən Molla bir-iki gündən sonra yenə divanxanaya düşür. Qazı onu görüb deyir: “Molla, bura yaman tez-tez gəlirsən ha. Bəs bilmirsən ki, düz-əməlli adamlar bura gəlmir?” Molla halını pozmur: “Qazı ağa, əgər bura düz-əməlli adamların yeri deyilsə, bəs sən niyə hər gün bura gəlirsən?”
Yoldaş Əsədovun “mitinq pozuculuqdur” nəzəriyyəsi bu mənada gülməlidir. Özləri az qala hər müxalifətçinin evinin, iş yerinin qabağında az qala hər gün mitinq keçirirlər - təbəssüm bundan doğur.
Qalan işləri də belə gülməlidir. Məsələn, biri elə şəhəri abadlaşdırmaqları. O qədər ağ eləyiblər ki, ta camaat da bunların “abadlıq-quruculuq” işini ələ salır. Çünki hamı bilir ki, bu, quruculuq yox, pul qırıcılıq siyasətidir. “Xalqlar dostluğu” körpüsünü keçən il bəh-bəhlə açanda dedilər ki, Qafqazın ən uzun və modern körpüsüdür. Ziya Məmmədov körpünün və həndəvərindəki yolların asfaltını çəkmək adı ilə Allah bilir neçə milyon yemişdi.
Həmin bahalı yolları bir-iki həftədir qaşıyıb-qazırlar. Guya təmir edirlər. Bəs keçən ilki xərc hara getdi onda? Xalq bu sualın cavabını bilir deyə bunların hətta xoşməramlı əməllərini də dolayır. O gün marşrutda görürəm iki yeniyetmə söhbət eləyir. Biri deyir ki, noldu alə, bura asfaltı elə o günü vurmamışdılar, nə tez dağıldı, təzə yol çəkirlər. O biri gənc dilini dinc qoymadı: “Təzə yol çəkmirlər, alə, bir diqqətlə bax də. Analoqu olmayan asfalt yolumuzun üzünü qırxırlar”.
Bunu deyib gülüşdülər. Gülməlidir axı. Eynilə ordu quruculuğu da bunun kimi. Dindirəndə ağızlarına çullu dovşan sığmır. 5-6 yaltaq-yalaq ekspert, ziyalı-miyalı da bunlara dəm verir. Amma ordu nə gündədir? Deyim, bilin. Səngərdəki əsgər oğluna Novruz bayramı sovqatı yollayan tanışlarımdan biri oğlunun ordudakı vəziyyətdən şikayətlənməsindən gileylənirdi. Deyirdi, oğlum sovqatı alan kimi zəng vurdu ki, ata, mənə şəkərbura-paxlava əvəzinə bit-birə dərmanı göndərsəydiniz, daha yaxşı olardı, batıb gedirik.
Pullu ölkəyik, region lideriyik. Səngərin yolunu tanımayan bir qoşun buxaqlı generaldan tutmuş toyxanalar dolusu xalq artistinə, müdafiə nazirinə, Bayraq Meydanına, Mübariz Qurbanlıya, YAP-a üzv olandan 10 kilo arıqlayan Xatirə İslama, Silahlı Qüvvələrə Yardım Fonduna qədər hər şeyimiz var. Bircə bit dərmanı zavodumuz yoxdur. Bunsuz ATƏT sənə Qarabağ verərmi?! Təcili o zavodu açmaq gərəkdir. Əsl yeridir. Ərəb inqilablarının oyatdığı xalqın başını qatmaq üçün o zavodun lentini təntənə ilə kəsib Siyavuş Novruzovu da ovundurmaq olar hətta. Bir də ki, bəlkə elə generalları da bit basıb?! İl uzunu yevroremont səngərlərdə yatırlar...  \Yeni Müsavat\


Famil Cəfərli

Комментариев нет:

Отправить комментарий