12.04.2011

AZƏRBAYCANA QARŞI ÖLÜMCÜL BAKTERİOLOJİ SİLAH

Düşmənlərin “türk virusu” adlı bioloji təxribat planı
Hepatit C virusunun ölkəmizdə sürətlə yayılmasının gerçək səbəbi barədə şok bilgi var; mütəxəssislər təhlükə barədə həyəcan təbili çalır; Türkiyədən xüsusi virusoloqlar qrupu çağırılıb...




Azərbaycanın hansı həssas məntəqədə yerləşdiyini və daşıdığı mühüm geostrateji dəyəri xatırlatmağa yəqin ki, xüsusi lüzum yoxdur. İri nəqliyyat-kommunikasiya arteriyalarının və tranzit neft-qaz kəmərlərinin keçdiyi ölkəmiz bu və digər səbəblərdən daim böyük güclərin, qeyri-dostların və düşmən qüvvələrin, həmçinin kriminal-narkobiznes dairələrinin diqqətini cəlb edib, indi də belədir. Dağlıq Qarabağ məsələsinin indiyədək həll edilməmiş qalmasının səbəblərindən birini ölkəmizin yerləşdiyi bölgənin geosiyasi və geoiqtisadi reallıqları ilə əlaqələndirənlər yanılmırlar.
Bu qısa girişi verməkdə məqsəd Azərbaycana qarşı mövcud olan xarici təhdidlərin çeşidinə və təhlükəlilik dərəcəsinə bir daha nəzər yönəltmək idi. Əfsus ki, belə mürəkkəb, qlobal güclərin maraqlarının toqquşduğu regionda yerləşən, Ermənistanla 20 ildir müharibə şəraitində və müəyyən dairələr üçün “yağlı tikə” olan Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası hələ də hazırlanmayıb. Hansı sənəddə ki, bütün mümkün xarici təhlükələr və risklər kimi bakterioloji-kimyəvi hücum və ona qarşı mübarizə tədbirləri əksini tapmalı idi.
Elə məsələ də ondadır ki, son vaxtlar bu istiqamətdə Azərbaycanın istənilən eksperimentə açıq olduğunu təsdiqləyən həyəcanlı məlumatlar gəlməkdədir. Söhbət konkret olaraq toplumlara qarşı istifadə olunan, cəmiyyətdə total xof yaratmağa xidmət edən, yekun olaraq dövləti sarsıtmağa yönəlik bioloji təxribat vasitələrindən, yaxud materiallarından gedir.
Sözügedən bioarsenalda sinir sistemini iflic edən, genofondu zədələyən bir sıra ənənəvi kimyəvi preparatlar, zəhərli qazlarla yanaşı, son dövrlər  insanlar arasında sürətlə yayıla bilən və ağır infeksiyalar törədən patogen mikroblardan (viruslardan) istifadə haqqında da bilgilər var. Hepatit C, SPİD (QİÇS), Sibir xorası və s. kimi. Tibb mütəxəssislərinə görə, bu viruslar qida, içməli su hövzələri, qan və qanəvəzedicilər vasitəsilə asanlıqla yayıla bilir. Azərbaycanın əlverişli iqlim qurşağında yerləşməsi bu riski daha da artırır.
Bu da həyəcan təbili çalmaq üçün konkret fakt. Axır vaxtlar Azərbaycanda, eləcə də qardaş Türkiyədə konkret olaraq Hepatit C xəstəliyinin sürətli artım dinamikası və faktiki, epidemiya xarakteri alması müşahidə olunmaqdadır. Ələlxüsus da gənc və orta təbəqənin təmsilçiləri arasında. Halbuki dünyada, hətta regionun digər ölkələrində bu cür artım tendensiyası duyulmur.
Bu harasıdır, bizi bilgiləndirən informasiyalı qaynaqlarımızdan birinin sözlərinə görə, Azərbaycanın stomatoloji kabinetlərdə və digər tibb ocaqlarında, habelə kosmetik kabinetlərdə və bərbərxanalarda sterilizasiya məsələlərinə nəzarət gücləndirilsə də, epidemiyanın inkişafını önləmək mümkün olmur. Şübhələr yaranıb ki, bunun arxasında iki qardaş ölkəyə qarşı bioloji silah hazırlayanlar dayanır. Söhbət xüsusi laboratoriyalarda müstəsna olaraq Türkiyə və Azərbaycanın köklü əhalisinin həssas olduğu virus ştammından (şərti adı “türk virusu”) gedir.
“Xəbərlər dolaşır ki, genetik və patoloji virus formalarının müxtəlif irqlər və etniki qruplar üçün hazırlanması yönündə də iş aparılır. Məsələn, dünya əhalisinin 1/5-ni təşkil edən Çin əhalisi üçün SPİD virusunun xüsusi variantı olduğu bildirilir”. Bunu da mənbəmiz iddia edir.
Deyilənlərə görə, vəziyyətdən Azərbaycanın yüksək instansiyaları da artıq xəbərdardır və hərəkətə keçiblər. Problemdən çıxış yolu kimi, həmçinin siyasi amillərin rolu araşdırılmaqdadır. Ən önəmlisi budur ki, təhlükənin miqyasını dəqiq qiymətləndirmək üçün qardaş Türkiyədən virus-kəşfiyyat qrupu ölkəmizə dəvət edilib. Türkiyədəki virusologiya və bakteriologiya dərnəyinin rəhbəri, professor İsmayıl Balıqın (Ankara Universitetinin məşhur İbn Sina xəstəxanasının virusologiya bölümünün rəhbəri, həm də baş bakanlığın virusologiya üzrə məsləhətçisidir  - red.) başçılıq etdiyi qrup 10 gün ərzində Bakıda və bir sıra bölgələrdə tədqiqatlar aparıb, bakterioloji nümunələr götürüblər; xəstəliyin etiologiyasını (mənşəyini), gedişatındakı özəllikləri dərindən araşdırıblar. Təbii ki, zəruri məsləhətlər veriblər.
Lakin başqa bir versiyaya görə, tədqiqat qrupu Türkiyə kəşfiyyatına bu xüsusda məlumat daxil olduqdan sonra Azərbaycana göndərilib. İstənilən halda, iki qardaş ölkəyə qarşı bakterioloji silah təhlükəsinin ciddiliyi şübhə doğurmur.
Prosesə bunca önəm verilirsə, deməli ortada ciddi narahatlıqlar və problemlər var. Mövzunu sahə ekspertləri ilə davam etdirəcəyik.



Nurlan NADİRLİ                         musavat.com

Комментариев нет:

Отправить комментарий