13.04.2011

MÜXALİFƏTÇİLƏRİ TUTANLARDAN BİRİ SAXTA POLİS İMİŞ

Barəsində 7 il şərti cəza olan Ata Abdullayev 2 apreldə xeyli adam həbs etmişdi



DİN: «Əgər belə bir şəxs varsa, 2 aprel mitinqini araşdıran istintaq qrupuna müraciət edə bilərlər» 

FaktXeber.com-un "Bizim Yol" qəzetinə istinadən verdiyi məlumata görə, müxalifətin keçirdiyi kütləvi aksiyalarda mülki şəxslərin mitinqçləri saxlaması, onları polis maşınlarına dolduraraq aparması ilk hadisə deyil. İctimai Palatanının sonuncu mitinqdə də belə oldu. Aksiya zamanı ən çox nümayişçilərə qarşı zor işlədən, onları polis maşınlarına dolduran şəxslərdən birinin kimliyi bəlli olub. Bu barədə redaksiyamıza daxil olan məlumatda həmin şəxsin kimliyi barədə geniş məlumat verilir.

Məlumata görə, mitinqlərdə xüsusilə fəalığı ilə seçilən Ata Abdullayev əslində polis yox, barəsində məhkəmə qərarı çıxarılan bir cinayətkar olub. Belə ki, Ata Abdullayev Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin(“AzAL”) internet səhifəsinə müdaxilə edərək şirkətə 100 min manat məbləğində ziyan vurmaqda ittiham olunan Azərbaycan və Nigeriya vətəndaşlarından ibarət mütəşəkkil dəstənin üzvü olub. Xatırladaq ki, ittihama görə, Azərbaycan vətəndaşları Şəmsəddin Abdurrəhmanov, Vaqif Mirzəzadə, Tahir Əmirquliyev, Elyar Qocazadə, Nazim Həsənov, Əhliman Məmmədov, Murad Mahmudov, Ata Abdullayev, Səidə Məmmədova, Nigeriya Federativ Respublikasının vətəndaşı Mutiu Olovu və qeyriləri, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan xaricdə yaşayan əcnəbilər mütəşəkkil dəstənin tərkibində cəmiyyətin rəsmi www.azal.az internet səhifəsinə, yəni qanunla qorunan kompüter informasiyasına qeyri-qanuni daxil olub. Bu yolla ABŞ və digər xarici ölkə vətəndaşlarına məxsus kredit kartlarından qanunsuz istifadə ediblər.
Müəyyən edilib ki, dəstə üzvləri xarici vətəndaşların kredit kartlarındakı hesablarından gizli olaraq internetlə pul ödənişləri aparıb müxtəlif marşrutlar üzrə dəyərini ödəməklə elektron aviabiletlər əldə edib və bu biletləri real dəyərindən ucuz qiymətə, nağd pula digər şəxslərə satıblar. Nəticədə şirkətə 100 min manata yaxın zərər dəyib. Təqsirləndirilən şəxslər CM-nin 271.2.1 və 271.2.3 (mütəşəkkil dəstə tərəfindən kompüter informasiyasına qanunsuz daxilolma ilə külli miqdarda ziyan vurma), 177.3.1 və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən özgənin külli miqdar əmlakını gizli talama) maddələri ilə ittiham olunub.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Azərbaycan vətəndaşları - Vaqif Mirzəzadənin 10 il, Əhliman Məmmədov 8 il 6 ay il, Elyar Qocazadə 7 il, Azərbaycanda müğənnilik edən Nigeriya vətəndaşı Mutiu Olovu Olanlevaju 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilənlər Ata Abdullayev, Səidə Məmmədova 7 il, Tahir Əmirquliyevin, Şəmsəddin Abdurrəhmanov və Nazim Həsənov hər biri 4 il müddətinə şərti cəza alıblar.
Bəs görəsən, Ata Abdullayev hansı statusla polisə məxsus avtomobilllərdə gəzir və mitinqçiləri saxlayır? Bu suala aydınlıq gətirmək üçün nazirliyin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirdi ki, son aksiya ilə bağlı baş verənləri istintaq qrupu araşdırır və ona görə də bütün məlumatları orada dəqiqləşdirmək mümkündür: «Əgər belə bir şəxs varsa, barəsində istintaqa müraciət olunsun və araşdırılma aparılsın».

Комментариев нет:

Отправить комментарий